ELM VƏ TƏHSİL
Qubada növbəti "SABAH" Karyera Qış Məktəbi layihəsi təşkil olunacaq
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Təhsil Nazirliyində “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində “SABAH” Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “SABAH” qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə “SABAH” Karyera Akademiyasının 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradıldığını deyib. Bildirilib ki, akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma istiqamətlərini əhatə edir. “SABAH” Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. Proqrama uyğun olaraq fevralın 16-dan 18-dək Qubada növbəti “SABAH” Karyera Qış Məktəbi layihəsi keçiriləcək. Yüzədək tələbənin iştirak edəcəyi Qış Məktəbində “SABAH” qrupunun tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər.
Sonra “SABAH” qrupları layihəsi barədə videoçarx təqdim edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurmaları üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “SABAH” qrupları ali təhsil sistemində yeganə genişmiqyaslı islahat layihəsidir. Bu təşəbbüs sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazımi bacarıqları aşılamaq məqsədi daşıyır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi “SABAH” qrupları layihəsinin fəaliyyətində əksini tapıb. F.Qurbanov deyib: “Ötən il “SABAH” qruplarının ilk məzun buraxılışı olub. Məzunların 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi daimi və ya qeyri-daimi işlə təmin edilib”.
Vurğulanıb ki, ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olub.
Qeyd edək ki, "SABAH" qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2.300-dən artıq tələbəni əhatə edir.