REGİONLAR
Qubada reyd zamanı qayda pozan kənd təsərrüfatı texnikalarının sürücüləri cərimələnib VİDEO
Quba, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada keçirilən reyd zamanı qayda pozduğuna görə kənd təsərrüfatı texnikalarını idarə edən dörd sürücü inzibati qaydada cəzalandırılıb. Daha dörd sürücüyə isə şifahi xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının keçirdiyi reydin əsas məqsədi texnikaların qeydiyyat sənədlərini, sürücülük vəsiqələrini yoxlamaq, eləcə də aşkar olunan qayda pozuntularını aradan qaldırmaqdan ibarət olub. Reyd zamanı, ümumilikdə, 20-yə yaxın kənd təsərrüfatı təyinatlı texnika yoxlanılıb.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları saxlanılan texnikaların sürücülərini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 340.1 maddəsinin (Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı texniki baxışdan keçirmədən idarə etməyə) tələbləri barədə bir daha məlumatlandırıblar. Bildirilib ki, bu qayda pozuntusuna görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Reydlərin şimal bölgəsinin digər rayonlarında da mütəmadi keçirilməsi nəzərdə tutulub