REGİONLAR
Qubada tikilən 792 şagird yerlik məktəb binası yeni tədris ilinədək istifadəyə veriləcək VİDEO
Quba, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası yeni tədris ilinədək istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə 2019-cu ilin iyun ayından başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda dam örtüyü vurulur və köməkçi tikililər inşa olunur.
Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
İş icraçısı Məhsim Ramazanov bildirib ki, binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq.
2019-2020-ci yeni tədris ilinin əvvəlində Quba rayonunda 8 modul tipli və şəhid Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 960 şagird yerlik binaları məktəblilərin istifadəsinə verilib. Daha iki modul tipli məktəb binası da ilin əvvəlində şagirdlərin ixtiyarına verilib.