REGİONLAR
Qubadakı Çənlibel gölü xarici turistlər arasında populyarlıq qazanıb FOTO VİDEO
Quba, 2 avqust, Elxan Yusifli, AZƏRTAC
Son illər Qubaya turlar təşkil edən agentliklərin rayonun İkinci Nügədi kəndindəki Çənlibel gölünə maraq göstərməsi buranı ziyarət edənlərin sayının xeyli artmasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edir. Həm yay, həm də qış aylarında gölün ətrafında yerli və əcnəbi qonaqlara rast gəlmək olar. Qızmar yay günlərində əsrarəngiz təbiət mənzərələrini seyr etmək üçün gələnlərin sayı yüzlərlədir.
Səudiyyə Ərəbistanından gələn Fayez Əbdülhəmid bildirir ki, səfərinin ilk günü Bakı şəhəri ilə tanış olub. “Bakı qədim şəhərdir. Nizami küçəsini çox bəyəndim. Bu gün isə Qubaya gəldik. Azərbaycanın təbiəti ilə yaxından tanış oluruq. Burada qiymətlər münasibdir. Otellər, restoranlar baha deyil”, - deyə ərəbistanlı turist vurğulayıb.
Burada turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.
Kənd sakinləri bu gölün ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradıldığını bildirirlər. 10-15 metrə qədər dərinliyi olan Çənlibeli yerli sakinlər Göygölə bənzədir.
On hektardan çox ərazisi olan göl qış aylarında da turistlərin diqqətini çəkir. Çənlibel gölü şirin sulu olduğundan şaxtalı havada donur, buz örtüyünün qalınlığı isə 10 santimetrə çatır.
Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşı Taleh Sultanov bildirir ki, son bir neçə ildə rayona gələn turistlərin ümumi sayı 25 faizdən çox artıb. “Rayonun əsrarəngiz yay mənzərələri həm yerli, həm də xarici turistləri özünə cəlb edir. Turistlər əsasən Xınalıq, Qırız, Afurca kimi ucqar kəndlərə, həmçinin Qəçrəş meşələrinə üz tuturlar. Son illər Çənlibel gölü də xarici turistlər arasında populyarlıq qazanıb”, - deyə T.Sultanov qeyd edib.