REGİONLAR


Qubadlıdan olan din xadimi ermənilərin İslama qarşı təhqiramiz hərəkətlərinə görə UNESCO, ISESCO və İƏT-ə çağırış etdi

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunun Məmər kəndindəki məsciddə ermənilər tərəfindən donuz saxlanılması müsəlman aləminə, İslama təhqirdir. Hamı kimi mən də həmin görüntüləri videodan izlədim. Təsəvvür edin, rayonumuzun bu kəndi də digər torpaqlarımız kimi 27 ildir işğal altında idi və ötən illər ərzində bütün tikililərlə yanaşı, məscidlərimiz də tar-mar olunub, yalnız dörd divarı qalıb. Bu, erməni vandalizminin daha bir sübutudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qubadlı rayonundan olan din xadimi Şahin Fərzəliyev deyib.

O bildirib ki, Məmər kəndindəki məscid qədim ibadət yerlərimizdən olub. Məscidin yaxınlığında XVIII əsrə aid tarixi abidə də var idi. Vəhşilər onu da dağıdıb tövləyə çeviriblər. “Təsəvvür edin ki, bu vəhşilər Allahın evini nə günə salıblar, yalnız dörd divar qalıb, içində də donuz saxlayırmışlar. Biz bu cür faktları Şuşa, Ağdam və Zəngilandakı məscidlərimizdə də görmüşdük. Bu, bütün müsəlman aləminə, İslama qarşı böyük təhqirdir. Həmçinin əcdadlarımızın qəbirləri də dağıdılıb. Bunu yalnız faşistlər, vandallar edə bilər. Təəssüf ki, biz belə bir düşmənlə üz-üzəyik”, - deyə din xadimi vurğulayıb.

Bakıda erməni kilsəsinin qorunub saxlandığı halda, ermənilərin dini, tarixi və mədəni abidələrimizi dağıtdıqlarını söyləyən Şahin Fərzəliyev deyib: “Təəssüf ki, dünya ötən 27 ildə olduğu kimi, bu gün də erməni vandalizminə göz yumur. Qubadlının din xadimi olaraq, dünyanın sivil dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən UNESCO, ISESCO və İƏT-ə çağırış edirəm, bu vandalizmə göz yumulmasın, İslama yönəlmiş bu təhqiramiz hərəkətə cavab verilsin. Cavab verilsin ki, haqq-ədalət də öz yerini tapsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.