REGİONLAR
“Qubalı Miçurin” yapon alması yetişdirir VİDEO
Quba, 2 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağban Ramiz Kərimov 10 ilə yaxındır ki, bağında Yaponiyadan gətirilən alma sortları becərir.
AZƏRTAC xəbər verir ki, 2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.
Ömrünün 50 ilini bağçılıqla məşğul olan sahibkarın təsərrüfatı rayonun Birinci Nügədi kəndindədir. Bir hektara yaxın alma bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır. Təsərrüfatçı bu il yapon alma sortlarından 10 tona yaxın məhsul əldə edib.
Yeni sort almaların müştərisi də boldur. Sahibkar AZƏRTAC-a müsahibəsində bildirib ki, yetişdirdiyi meyvəni Bakı şəhərində keçirilən kənd təsərrüfatı yarmarkalarında qısa müddətdə sata bilir. Hətta satış mərkəzlərindən xüsusi sifarişlər də alır. Ləziz dadı ilə seçilən və təbii tərkibli alma alıcılara 1,5-2 manata təklif olunur.
Ramiz Kərimov alma bağlarına yalnız üzvi gübrələr verdiyini bildirir. Bağban dərmanlamanı da yapon mütəxəssislərin təklif etdiyi xüsusi üsulla həyata keçirir və heç bir kimyəvi preparatdan yararlanmır.
Artıq digər bağbanlar da yeni alma sortlarını yetişdirməyə başlayıblar.
Yaponiyalı mütəxəssislər tez-tez Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar. Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Bununla yanaşı, calaq vasitəsilə yeni alma sortları da əldə etməyə çalışır. Məhz bu xüsusiyyətlərinə görə də həmyerliləri Ramiz Kərimovu “qubalı Miçurin” deyə çağırırlar.
Qocaman bağban təsərrüfatında yapon alma sortları ilə yanaşı, bu ölkədən gətirilən şaftalı və tərəvəz sortlarını da yetişdirir.