REGİONLAR
Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına başlayıb VİDEO
Quba, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. Hələlik yalnız “Papirovka” sortu alma yığılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq. Təsərrüfatçılar ilk məhsulun yalnız yerli bazarda satıldığını bildirilər. Çünki “Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun müddət qoruya bilmir.
Tezyetişən alma sortlarının builki məhsuldarlığı aşağı olsa da keyfiyyəti yüksəkdir. “Yay alması”nın 1 kiloqramının qiyməti 0.80 - 1 manat arasında dəyişir. Bu ötən illə müqayisədə 20-30 qəpik bahadır.
Bağbanlar avqust ayından etibarən alma bağlarında “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarını yığacaqlar. Bu sortların məhsulunun toplanması avqust ayının sonunadək başa çatdırılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov bildirib ki, şimal bölgəsində “Slava pobeditelyam” adlı tezyetişən alma növü daha çox yayılıb. Bağbanlar təxminən 100 hektara yaxın bağda həmin alma sortunu yetişdirirlər. Amma bu, ümumi alma bağlarının çox cüzi hissəsini təşkil edir. Quba-Xaçmaz zonası üzrə, ümumilikdə, 22 min hektar meyvə bağları mövcuddur ki, bunun 13 min 472 hektarı Quba rayonunun payına düşür.
Qubanın bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılacaq.