REGİONLAR
Qubalı məzunlar Azərbaycan Dövlət Aqrar Universitetində tədris olunan ixtisaslar barədə məlumatlandırılıblar
Quba, 14 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubalı məzunlara Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədris olunan ixtisaslar, qəbul qaydaları və təhsil ocağının kadr hazırlığı barədə məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubadakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində keçirilən görüşdə ölkəmizdə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışılıb.
Bildirilib ki, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur. Aqrar sahə üzrə ixtisas seçənlər üçün bu sektorda kifayət qədər iş yeri mövcuddur.
ADAU-nun rektoru, professor İbrahim Cəfərov zəngin tarixə, böyük potensiala və şəraitə, maddi-texniki bazaya malik təhsil müəssisəsi haqqında görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, burada oxuyan tələbələr yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin olunurlar.
Görüşdə Quba rayonunun aqrar sahədə əldə etdiyi uğurlardan danışılaraq diqqətə çatdırılıb ki, daha böyük nailiyyətlərə imza atmaq üçün hərtərəfli biliyə və təcrübəyə malik kadrlara ehtiyac var.
Görüşdə ADAU haqqında tanıtım filmi nümayiş olunub.