REGİONLAR
Qubanın Alekseyevka kəndində 960 şagird yerlik yeni məktəb binası tikilir VİDEO
Quba, 11 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik yeni məktəb binası inşa olunur.
AZƏRTAC xəbər verir ki, kənddə təhsil ocağının inşasına ötən ilin dekabr ayından başlanılıb. Üçmərtəbəli binada 40 sinif, 6 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
3500 kvadratmetr sahəni əhatə edən yeni məktəbin hazırda zirzəmisi və birinci mərtəbəsi inşa olunur.
Məktəb binasının tikintisinin yeni tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 840 şagird təhsil alır. Təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır.
Dörd min nəfərdən çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.