REGİONLAR
Quido Ambroso: Ümid edirəm ki, tezliklə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının icrasına başlayacağıq VİDEO
Tərtər, 17 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə məcburi köçkünlər və münaqişədən ziyan çəkmiş insanlara yüksəkkeyfiyyətli eynəklərin paylanışı prosesi gedir. Bu aksiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürümüzü bildiririk. Agentliyin ayırdığı oftalmoloqlar tərəfindən iki minə yaxın insanın göz müayinəsindən keçirilməsi nəzərdə tutulur və onlara Yaponiyadan göndərilmiş optik eynəklər paylanır.
Bunu Tərtər rayonunda məcburi köçkün ailələri üçün tibbi aksiyada iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso jurnalistlərə müsahibəsində deyib.
Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin Azərbaycandakı məcburi köçkünlər üçün bu il 3500 ədəd yüksəkkeyfiyyətli eynək ianə etdiyini bildirən Ouido Ambroso deyib: “Fuji Optical Co. Ltd” şirkəti Azərbaycandakı məcburi köçkünlərə 2005-ci ildən ianələr edir və həmin insanlara edilən yardımlara milyonlarla ABŞ dolları dəyərində vəsait sərf olunub. Şirkətin nümayəndə heyəti mütəmadi olaraq hər il Azərbaycana səfərlər edir. COVID-19 pandemiyası başlayandan bəri bu səfərlər dayandırılsa da, şirkətin bizimlə əməkdaşlığı davam edib. “Fuji Optical Co. Ltd” şirkətinə Azərbaycanda gördüyü xeyirxah işlərə görə minnətdarıq. Ümid edirəm ki, bu proqram gələn il də davam edəcək”.
Ouido Ambroso BMT QAK tərəfindən həyata keçirilən humanitar proqramlardan da bəhs edib: “BMT QAK tərəfindən insanlara son müharibədən sonra iki milyon ABŞ dolları dəyərində mətbəx dəstləri, döşək, yorğan, yastıq, gigiyenik dəst kimi qeyri-ərzaq yardımları və nağd pul yardımları paylanıb. Minatəmizləmə və infrastruktur quruculuğu imkan verən zaman məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını monitorinq etmək sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın 7-ci bəndində qeyd edilib ki, BMT QAK qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesinə nəzarət etməlidir və biz ümid edirik ki, tezliklə bu mandatın icrasına başlaya biləcəyik”.