SİYASƏT
Quram Marxuliya: Ermənilərin Gəncəni raket atəşinə tutması bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Ermənistan silahlı birləşmələri Azərbaycanın qədim şəhərlərindən olan Gəncəni və dinc əhalini raket atəşinə tutması çox acınacaqlı haldır. Ermənilər ön cəbhə ilə arxa cəbhə arasında fərq görmürlər, dinc əhalini əsgərdən ayıra bilmirlər, qadın, uşaq və qocaları öldürürlər. Bu terrordur, vəhşilik və insanlığa yaraşmayan, heç bir müharibə qanunlarına sığmayan qanlı cinayətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz üzrə araşdırmaçı, tarixçi-alim Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, Ermənistan bu hərəkəti ilə beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozub.
Bunun da əsas səbəbi Ermənistan hakimiyyətinin bu günədək cəzasız qalmasıdır. Cəzasız qaldığı üçün Ermənistan daha da azğınlaşıb, insanlıq əleyhinə belə qanlı cinayətlər törədir.
Q.Marxuliya deyib ki, dinc insanları öldürmək erməni millətinin çoxdankı milli adətidir. Döyüşdə sarsıdıcı məğlubiyyətə uğrayan ermənilər geri çəkilərkən belə iyrənc əməllər törədir, dinc Azərbaycan əhalisini atəşə tutur.
“İndi əsas maraq doğuran məsələ ondadır ki, beynəlxalq ictimaiyyət, BMT və digər beynəlxalq təşkilatlar məsələyə necə münasibət bildirəcəklər. Əgər onlar yenə də sussalar Azərbaycan rəhbərliyi adekvat addımlar atmağa məcbur olacaq və buna da haqqı var”, - deyə Q.Marxuliya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi