İDMAN


Qurban Qurbanov: Futbolçularım çox istəkli idilər

Bakı, 24 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

“Çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər. Mübarizə baxımından, azarkeş baxımından çox xoş bir oyun oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi, həmçinin bildirib: “Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardılar. Bu, çox vacib idi. Hər iki komandanın çoxsaylı qol imkanları oldu. Yaxşı oyun izlədik”.

Qeyd edək ki, beşinci turun mərkəzi qarşılaşmasında “Qarabağ” klubu “Qəbələ” kollektivini 4:1 hesabı ilə məğlub edib. Matçda hesabı ağdamlılar açıblar. Qarşılaşmanın 31-ci dəqiqəsində Abdullah Zubir adını tabloya yazdırıb - 1:0. Fasiləyə qədər Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Matçın 45-ci dəqiqəsində Araz Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb - 2:0.

Oyunun ikinci hissəsində Ağdam klubu üçüncü topu rəqibin qapısından keçirdib. Bu dəfə Con Delarj fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxıb və hesabı 3:0 edib. Qarşılaşmanın 72-ci dəqiqəsində “Qarabağ” klubu rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Abdullah Zubir özünün ikinci, komandasının isə dördüncü topunu vurub. Oyunun əsas vaxtının başa çatmasında bir dəqiq qalmış “Qəbələ” təsəlli qolunu vurmağa nail olub. Təmkin Xəlilzadənin künc ötürməsini Rasim Ramaldanov dəqiq baş zərbəsi ilə tamamlayıb.

Beş turdan sonra turnir cədvəlinə 13 xalı olan “Neftçi” klubu başçılıq edir. Aktivlərində 10 xalı olan son çempion “Qarabağ” və debütant “Sabah” klubları ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (5), “Qəbələ” (4), “Zirə” (2) və “Keşlə” (1) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.