İDMAN
Qurban Qurbanov: Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq
Bakı, 20 oktyabr, AZƏRTAC
Hamımız bu qarşılaşmaya ciddi hazırlaşırıq. Oyundan-oyuna məsuliyyət daha da artır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü mərhələsində Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 20-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qeyd edib ki, rəqibimizin “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyinə inanıram.
Q.Qurbanov Almatı təmsilçisinin fərqli futbol nümayiş etdirdiyini sözlərinə əlavə edib: “Rəqib müdafiə futbolu oynayır və tez-tez əks-hücumlara çıxır. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Görüş ərzində oyunun tempini qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlanacaq.