REGİONLAR
Qurban bayramı insanları bir-birinə daha da yaxınlaşdırır
AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində, Vəndam, Bum və Nic qəsəbələrində heyvanlar kəsilib, bütün yaşayış məntəqələrində ehtiyacı olan insanlara qurban əti paylanılıb.
Bayram tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri Böyük Vətən və Qarabağ müharibələri veteranlarını, şəhid ailələrini, Çernobıl əlillərini, aztəminatlı ailələri və bütün rayon sakinlərini müqəddəs Qurban bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. Xalqımız həmişə milli mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzi olan Qurban bayramı insanları bir-birinə yaxınlaşdırır, onlara yüksək keyfiyyətlər bəxş edir. Bu müqəddəs günlərdə Allahın adına qurbanlar kəsilir, insanlar dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Həmin gün rayon icra hakimiyyəti tərəfindən 2 mindən çox ailəyə qurban payları verilib.