CƏMİYYƏT
“Quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinq həyata keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Fevralın 25-dən martın 1-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli “quş qripi” xəstəliyi ilə əlaqədar növbəti monitorinqlər həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanılmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri müayinə edilmək üçün Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına verilib.
Nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.