CƏMİYYƏT
Quş qripinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə bu il yanvarın 13-dən 17-dək keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı epizootoloji məlumatlar toplanılaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 66 baş çöl quşundan patoloji materiallar götürülüb. Həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Abşeron, Biləsuvar, Salyan, Hacıqabul, Ucar, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçikhəcmli kommersiya tipli 8 quşçuluq təsərrüfatında 120 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.
Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.