REGİONLAR
Qusar sakini: Rayonumuza gələn qonaqlar bu ağacların kölgəsində dincələcək
Qusar, 6 dekabr, Elxan Yusifli, AZƏRTAC
Mən bu kampaniyaya həvəslə qoşulmuşam. Yaşıllıqların salınmasına hər yerdə böyük ehtiyac var. Qusar da gözəl turizm rayonlarımızdandır. Biz qusarlılar bu xeyirxah təşəbbüsü rəğbətlə qarşılayırıq. Artıq ağac əkilməsi prosesini yekunlaşdırmaq üzrəyik. Hamı bu xeyirxah əməldə pay sahibi olmaq istəyir. Münbit yerdə əkiləcək bu ağaclar rayonumuzun gözəlləşməsinə, eyni zamanda, ekologiyaya da öz töhfəsini verəcək. Bu aksiya nəticəsində “Şahdağ” yolu simasını tamamilə dəyişəcək. Qusara dincəlməyə gələn qonaqlar gələcəkdə bu yaşıllıqların kölgəsində dincələcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qusar rayon sakini Kazım Xammədov söyləyib.
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan K.Xammədov bildirib ki, Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir. “Biz kollektivimizlə aksiyaya hazırlıq işlərinin də fəal iştirakçısı olmuşuq. Bu nəcib təşəbbüsə görə Mehriban xanıma təşəkkür edirəm”, - deyə Kazım Xammədov əlavə edib.