REGİONLAR
Qusar sakini avtomobil hissələrindən helikopter düzəldib VİDEO
Qusar, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar sakini Mirzəxan İmamquliyev avtomobil hissələrindən helikopter düzəldib.
AZƏRTAC xəbər verir ki, Samur qəsəbəsində yaşayan M.İmamquliyev bu işə 6 il əvvəl başlayıb. Uçan aparatı hazırlamaq üçün 10-dan çox avtomobilin ehtiyat hissələrindən istifadə olunub.
Mirzəxan İmamquliyev helikopterə əvvəlcə "Zaparojets" markalı avtomobilin mühərrikini yerləşdirsə də, gücü az olduğundan onu "VAZ 2103" markalı avtomobilin mühərriki ilə əvəzləyib. Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb. Avtomobildə mühərrik sürət qutusu vasitəsilə təkərləri hərəkətə gətirirsə, M.İmamquliyevin hazırladığı helikopterdə mühərrik pərləri fırladır.
M.İmamquliyev bildirib ki, pərlərinin qısa və ensiz olması, həmçinin mühərrikin gücünün kifayət etməməsi səbəbindən helikopter havaya qalxa bilmir. Bunları helikopterə tətbiq etmək isə onun imkanları xaricindədir.
Helikopter düzəltmək Mirzəxan İmamquliyevin uşaqlıq arzusu olub. O, uçan aparatı ilə havaya qalxa bilməsə də, arzusunu gerçəkləşdirdiyi üçün sevindiyini deyir.