REGİONLAR


Qusarda Azərbaycanın Milli qəhrəmanları Fəxrəddin Musayevin və Sərdar Səfərovun xatirələri əbədiləşdirilib VİDEO

Qusar, 26 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusar şəhərində Azərbaycanın Milli qəhrəmanları Fəxrəddin Musayevin və Sərdar Səfərovun xatirəsi əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 26-da Milli qəhrəmanların adlarını daşıyan küçələrdə qoyulmuş barelyeflərin açılış mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan və Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Milli Qəhrəman adına layiq görülmüş Çingiz Qurbanovun barelyefi qarşısına gül dəstələri düzərək, xatirəsini anıblar.

Milli qəhrəmanların ailə üzvlərinin, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimlərdə çıxış edənlər müasir Azərbaycan Ordusunun yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətini hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir.

Milli Qəhrəman Sərdar Mədəd oğlu Səfərovun barelyefi önünə toplaşanlar Vətən oğlunun həyat və döyüş yolundan danışıblar.

Qeyd olunub ki, Sərdar Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. Xüsusi Milis Məktəbini bitirdikdən sonra Qusar rayonunda sahə müvəkkili işləməyə başlayıb. Həmin il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı avtomobilə hücum ediblər. Sərdar Səfərov hadisə yerinə göndərilən istintaq qrupunun müstəntiqi idi. Əsgərandan qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıb. Sərdar Səfərov yoldaşlarını ölümün pəncəsindən xilas edib və qəhrəmancasına həlak olub.

Barelyefi qoyulan Milli Qəhrəmanı Fəxrəddin Musayev isə 1957-ci il iyulun 30-da Qusar rayonunun Gican kəndindən dünyaya göz açıb. 1975-ci ildə hərbi xidmətə yollanan Fəxrəddin əvvəlcə Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində qulluq edib.

Fəxrəddin Musayev Azərbaycanın Milli Ordusu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlara qoşulub. Sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə döyüş yoldaşları arasında böyük şöhrət qazanıb. Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə çıxış edənlər Azərbaycanın qəhrəmanlar diyarı olduğunu, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin əziz tutulduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.