REGİONLAR
Qusarda dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib





Qusar, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Dövlət Yol Polisinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin olunması ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisləri tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil olunub.
Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını kobud şəkildə pozan nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
Dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
Polis əməkdaşları sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələrini tələb edib.