REGİONLAR
Qusarda keçirilən kitab bayramında oxuculara 2 mindən çox kitab hədiyyə olunub VİDEO
Qusar, 26 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 26-da Qusarda keçirilən kitab bayramında oxuculara 2 mindən çox kitab və 300 ədəd uşaq jurnalı hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VIII ənənəvi kitab bayramı Qusar şəhərindəki Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında keçirilib.
Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilən “Kitab bayramı”nda rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Mərasimdə müxtəlif mövzularda 4 mindən çox kitab nümayiş etdirilib. Bununla yanaşı, tədbir zamanı 130-a yaxın oxucu kitabxanaya üzv qəbul edilib.
Qusar rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Zahir Mustafayev çıxışında bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kitabxanaların oxucu sayını artırmaq və kitabsevərləri yeni nəşrlər haqqında məlumatlandırmaqdan ibarətdir.
Kitab bayramında nümayiş etdirilən təbii güllərdən hazırlanmış maraqlı kompozisiyalar, eləcə də istedadlı balacaların ifasında təqdim olunan rəqslər və milli oyunlar maraqla qarşılanıb.