REGİONLAR
Qusarda oxucuların diqqətini çəkmək üçün maraqlı aksiya keçirilib VİDEO
Qusar, 2 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusarda kitab həvəskarlarını sevindirən maraqlı aksiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, hər kəs mərkəzi kitabxananın qarşısında qoyulan şkafdan istədiyi kitabı qeydiyyatsız götürə və ya özlərinə məxsus kitabları başqalarının oxuması üçün şkafa qoya bilərlər.
Kitab şkafının üzərində “Hörmətli oxucu, bu kitablar sizin üçündür. Lazım olanı alıb oxuyun və yerinə qaytarın. Hazırda oxumadığınız kitabınız varsa, gətirin başqaları da oxusun. Biz sizə inanırıq və qeydiyyat aparılmır.” sözləri yazılıb.
Aksiyaya 2017-ci ilin əvvəlindən 300 kitabla start verilib. Son 5 ay ərzində həmin kitablara oxucuların da hədiyyə etdiyi 100-ə yaxın nəşr əlavə olunub.
Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev bildirib ki, aksiyanın keçirilməsində məqsəd fərqli üsullarla oxucuların diqqətini çəkmək və kitaba marağı artırmaqdır.