REGİONLAR
Qusarın Ləzə kəndində qurulan beynəlxalq düşərgədə 50 xarici və yerli idmançı təlim keçir VİDEO
Qusar, 18 avqust , Elxan Yusifli, AZƏRTAC
Qusarın Ləzə kəndində marşrutqurma və bələdçilik üzrə təşkil edilən beynəlxalq gənclər düşərgəsində avqustun 18-dən başlayaraq praktiki təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, düşərgə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) birgə təşkilatçılığı ilə qurulub.
Avqustun 16-dan başlayan təlimlərin ilk günü idmançılar düşərgədə yerləşdirilib və ərazi ilə tanış olublar. Növbəti gün isə marşrutqurma və bələdçilik haqqında nəzəri biliklər idmançılrın diqqətinə çatdırılıb.
Düşərgədə idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 xarici və yerli idmançı təlim keçir. Onlar beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnirlər. Eyni zamanda, iştirakçılar Azərbaycanın təbii gözəlliyi, ölkənin dağçılıq turizminin inkişaf perspektivləri və mövcud potensialı ilə yerində tanış olmaq imkanı qazanıblar.
Azərbaycan, Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə və Dağıstandan olan iştirakçılar üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq səviyyəli təlimçiləri tərəfindən keçirilir.
FAİREX-in üzvləri, dağ idman növlərinə marağı olan gənclər düşərgədə fəal iştirak etməklə ölkədə qısa zamanda populyarlaşan dağçılıq idmanının inkişafına töhfə verəcəklər.
Beynəlxalq gənclər düşərgəsində təlimlər avqustun 23-dək davam edəcək.