REGİONLAR
Qusarlı məktəblilər arasında hüquqi biliklər təbliğ olunur
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarın təhsil müəssisələrində şagirdlərin tərbiyəsində hüquqi biliklərin təbliği, yeniyetmələrin hüquqpozmalar və onların nəticələri barədə məlumatlandırılması məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlər, maarifləndirmə tədbirləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində, onların zərərli vərdişlərə meyilliliyinə qarşı mübarizədə məktəb, valideyn və hüquq-mühafizə orqanlarının rolu” mövzusunda növbəti tədbir rayonun Tofiq İsmayılov adına şəhər 6 saylı tam orta məktəbində təşkil olunub.
Tədbirdə gənc nəslin pis vərdişlərdən qorunmasında valideynlərin, müəllimlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının səylərini birləşdirməyin, qabaqlayıcı tədbirlərin önəmi xüsusi vurğulanıb.
Rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev pis vərdişlər, gəncliyi cinayətə sövq edən amillər barədə danışaraq, məktəblilər arasında bu kimi halların baş verməməsi üçün maarifləndirmə tədbirlərinin zəruriliyini qeyd edib.
Məktəblilərin layiqli vətəndaşlar kimi böyümələrini arzulayan rayon prokuroru Zahid Vəliyev onlara pis vərdişlərdən uzaq durmağı tövsiyə edib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.