REGİONLAR
RAMAZAN BAYRAMI GÜNÜ QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın12-də Bakı şəhərində “Təzə bazar” MMC-nin, 6 nömrəli ticarət mərkəzinin, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Hacıqabul, Xızı, Giləzi və digər rayonların quşçuluq müəssisələrinin məhsulları - toyuq əti və yumurta təklif olunurdu.
Yarmarkada yumurtanın biri 9-10 qəpiyə, toyuq ətinin kiloqramı növlərinə görə 2- 2 manat 80 qəpiyə satılırdı.
Alıcılar quş ətinin və yumurtanın bazar qiymətlərindən ucuz olduğunu razılıqla qeyd edirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 tondan çox toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır. Satış yarmarkaları şənbə və bazar günləri də davam etdiriləcəkdir.