DÜNYA
RESPUBLİKAMIZIN RUSİYA FEDERASİYASINDAKI SƏFİRİ RAMİZ RİZAYEV GİROV GÖTÜRÜLMÜŞ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ AZAD EDİLMƏSİNİN TƏFƏRRÜATI BARƏDƏ
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iki gün gecə-gündüz Moskvanın Teatr mərkəzində saxlanılan və aralarında dörd Azərbaycan vətəndaşı da olan girovların azad edilməsi üzrə qərargahda olmuşdur. Həmin faciəli iki gün ötüb keçdikdən sonra səfir girovların azad edilməsinin təfərrüatı barədə AZƏRTAC-ın müxbirinə məlumat vermişdir.
Səfir bildirdi ki, bu gözlənilməz hadisə dərin narahatlıq və ağrı hissi doğurdu, çünki terrorçular tərəfindən girov götürülmüş yüzlərlə adamın həyatı təhlükə qarşısında idi. Vəziyyət son dərəcə mürəkkəb idi və bütün bunların nə ilə bitəcəyini irəlicədən görmək mümkün deyildi. Mən hesab edirəm ki, bizim hamımız çox ağır nəticələrə gətirib çıxara biləcək böyük faciədən qurtardıq. Bu hadisə bütün dünyada, o cümlədən Azərbaycanda böyük əks-səda doğurdu. Azərbaycan Prezidenti Heydər Əliyev hadisə ilə əlaqədar xüsusi müraciətində Rusiya dövlətinin başçısı Vladimir Putini dəstəklədiyini bildirmişdir.
R.Rizayev girov götürülmüş dörd Azərbaycan vətəndaşının azad edilməsinin təfərrüatına toxunaraq dedi ki, səfirlik girov götürülənlərin azad edilməsi üçün bütün tədbirləri görmüş, onlara mənəvi yardım göstərmişdir.
Yaraqlıların özləri ilə hər hansı bir əlaqə saxlanılıb-saxlanılmadığı barədə suala cavabında diplomatik missiyanın başçısı bildirdi ki, Azərbaycanın RF-dəki səfirliyi bu qədər adamı girov götürmüş yaraqlılarla heç bir vaxt və hər hansı birbaşa danışıqlar aparmamışdır. Biz Rusiya Xarici İşlər Nazirliyinin gördüyü bütün tədbirlərdə çox fəal iştirak edirdik. Bütün bu müddət ərzində biz girovların azad edilməsi üzrə qərargahda olmuşuq, bütün lazımi informasiyanı almışıq.
Səfir daha sonra vurğuladı ki, həmyerlilərimizin azad edilməsi girovların özlərinin, o cümlədən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Moskvadakı baş nümayəndəsi Eldar Hacıyevin terrorcularla fəal danışıqları və səyləri sayəsində mümkün olmuşdur. Onun sözlərinə görə, vəziyyət elə gətirmişdir ki, E.Hacıyev yaraqlıları onunla birlikdə teatrda olan üç nəfər azərbaycanlı qadının azad edilməsinin zəruriliyinə inandıra bilmişdir. Ramiz Rizayev axırda dedi: “Azərbaycanlı girovların terrorçularla danışıqlarından sonra yaraqlıların dörd Azərbaycan vətəndaşını azad etməyə hazır olduqları barədə xəbər gəldi. Biz girovların azad edilməsi üzrə qərargaha müraciət etdik və bundan sonra qərargahın nümayəndələri necə hərəkət etmək lazım olduğunu bizə dedilər və beləliklə, soydaşlarımız azadlığa buraxıldılar”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva