SİYASƏT
RESPUBLİKA GÜNÜ NYU-YORKDA QEYD EDİLMİŞDİR
Bakı, 31 may (AZƏRTAC). Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92-ci ildönümü - Respublika Günü münasibətilə Nyu-Yorkda silsilə tədbirlər keçirilmişdir.
Mayın 28-də Nyu-Yorkun mərkəzi Wall Street meydanında Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması mərasimi keçirilmişdir. Tədbiri Amerika-Azərbaycan Cəmiyyəti təşkil etmişdir. Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Türkiyənin Nyu-Yorkdakı konsulunun müavini Ayşə Üzer, İsrailin Nyu-Yorkdakı Baş konsulunun müavini Benjamin Krasna çıxış etmişlər.
Tədbirdə Nyu-York qubernatoru administrasiyasının nümayəndəsi qubernator David Patersonun təbrikini oxumuş və onun imzaladığı xüsusi Bəyannaməni təqdim etmişdir. Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirilmiş və hər iki dövlətin bayraqları ucaldılmışdır.
Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmalarının üzvləri iştirak etmişlər.