DÜNYA
RF DÖVLƏT DUMASI ORAQ VƏ ÇƏKİCİ QƏLƏBƏ BAYRAĞINA QAYTARDI
AZƏRTAC “İnterfaks”a istinadla xəbər verir ki, Rusiya Dövlət Duması “Qələbə Bayrağı haqqında” qanunun palatanın xüsusi komissiyası tərəfindən irəli sürülmüş yeni redaksiyasını qəbul etmişdir.
Qanun layihəsinə görə, 150-ci atıcı diviziyanın 1945-ci il mayın 1-də Berlində Reyxstaqın binasında ucaldılmış hücum bayrağı Qələbə Bayrağı hesab edilir. Rusiya Prezidentinin qərarına əsasən, onun rəsmi nüsxələri hazırlana bilər. Onların ölçüləri və görünüşü originalın ölçülərinə və görünüşünə tam uyğun olmalıdır.
Hazırda qanun Federasiya Şurasının müzakirəsinə verilmişdir.
Xatırladaq ki, aprelin 20-də Prezident Vladimir Putin veteran təşkilatlarının çoxsaylı müraciətlərilə və sənəd üzrə “əlavə məsləhətləşmələr” aparılmasının zəruriliyi ilə əlaqədar “Qələbə Bayrağı haqqında” əvvəlki qanunu rədd etmişdir.
Dövlət Dumasının həmin redaksiyada təsdiq etdiyi yeni Bayraq oraq və çəkic olmadan, ağ ulduzlu qırmızı parçadan ibarət idi.