DÜNYA
RUSİYADA TERROR AKTI TƏHLÜKƏSİ VAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, RF Milli Antiterror Komitəsi (MAK) yerüstü nəqliyyatda və metroda terror-təxribat aktı törədilməsinin mümkünlüyü barədə məlumata malikdir. Bu, MAK-ın Federal Operativ qərargahının (FOQ) məlumatında bildirilmişdir. Qeyd olunmuşdur ki, əcnəbi tərəfdaşlardan alınmış bu informasiya hazırda ölkənin xüsusi xidmət orqanları tərəfindən yoxlanılır.
Bununla əlaqədar, FOQ-un rəhbəri Nikolay Patruşev FOQ üzvlərinə və Federasiya subyektlərindəki operativ qərargahlara antiterror qüvvələri və vasitələrini yüksək hazırlıq səviyyəsinə gətirməyi, əməliyyat-axtarış işini fəallaşdırmağı və kompleks profilaktik xəbərdarlıq tədbirləri görməyi tapşırmışdır.
Qərargah Rusiya vətəndaşlarını sayıqlığı artırmağa, hüquq mühafizə qurumlarına kömək etməyə, narahatlıq doğuran əlamətlər aşkar olunduqda təhlükəsizlik və asayişi mühafizə orqanlarına məlumat verməyə çağırır. Sərnişindaşıyan nəqliyyat müəssisələrinin rəhbərlərinə əhalinin təhlükəsizliyini təmin edən tədbirlər görmək tövsiyə olunmuşdur.
Yanvarın 17-dən metropolitendə və digər nəqliyyat vasitələrində təhlükəsizlik tədbirləri gücləndirilmişdir.