SİYASƏT
RUSİYANIN VƏ AZƏRBAYCANIN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİ MÖHKƏMLƏNMƏLİDİR
Rusiya Dövlət dumasının deputatı, “Sülh və həmrəylik” Partiyasının lideri İosif Kobzon AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Azərbaycanla Rusiya arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq lazımdır və bunun alternativi ola bilməz”. O bildirmişdir ki, həmişə Azərbaycanla dostluq və əməkdaşlıq uğrunda çıxış edir. Azərbaycanda çoxlu dostları var və azərbaycanlılar gözəl, istedadlı və əməksevər xalqdır. İndi Rusiya-Azərbaycan dövlətlərarası münasibətləri lazımi səviyyədədir, lakin hələ çox böyük və istifadə olunmamış ehtiyat mənbələri var və onlardan iki dövlətin rifahı naminə birgə istifadə etmək olar.
Dövlət duması ilə Milli Məclis arasında əlaqələrin səviyyəsindən danışan İ.Kobzon demişdir ki, təəssüflər olsun, bu əlaqələr mütəmadi xarakter daşımır və əməkdaşlıq da çox passivdir. Ona görə də hər iki tərəfin böyük fəallıq göstərməsinə ciddi ehtiyac duyulur.
İ.Kobzon iki xalq arasında mədəni əlaqələri dərinləşdirməyin zəruriliyinə xüsusi diqqət yetirir. O, Rusiya və Azərbaycan, digər respublikaların mədəniyyət ongünlüklərinin Azərbaycanda və Rusiyada necə keçirildiyini tez-tez xatırlayır. Deputatın fikrincə, mədəniyyət sahəsində əməkdaşlıq milli mədəniyyətləri dəstəkləyir və zənginləşdirir, mənəvi ünsiyyət üçün zəmin rolunu oynayır, ancaq heyif ki, indi bu imkandan axıra qədər istifadə edilmir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva