SİYASƏT
RUSİYA DÖVLƏT DUMASI QƏBƏLƏ RLS HAQQINDA SAZİŞİ RATİFİKASİYA ETMİŞDİR
Oktyabrın 30-da Dövlət Duması Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Qəbələ radiolokasiya stansiyasının (“Dəryal” RLS) statusu, ondan istifadənin prinsipləri və şərtləri haqqında” sazişi ratifikasiya etmişdir. Həmin saziş yanvarın 25-də Moskvada Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri gedişində imzalanmışdır.
Bununla əlaqədar RF Prezidenti Vladimir Putin Dövlət Dumasına məktub göndərmişdi. Məktubda deyilirdi ki, bu sənəd raket hücumu haqqında xəbərdarlıq sistemində qapalı radiolokasiya sahəsinin saxlanması və cənub istiqamətdə raket-kosmik şərait haqqında Rusiya Federasiyasının informasiya alması ilə bağlı məsələləri tənzimləyir.
Xatırladaq ki, Azərbaycan Milli Məclisi bu sənədi artıq ratifikasiya etmişdir.
Asya Haçızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva