DÜNYA
RUSİYA EKSPERTLƏRİ HESAB EDİRLƏR Kİ, AZƏRBAYCANDA İNQİLAB EDƏ BİLƏN MÜXALİFƏT YOXDUR
İTAR-TASS agentliyi Baş direktorunun birinci müavini Mixail Qusmanın fikrincə, “Azərbaycanda müxalifət ideoloji kontekstdə hərəkət etmir, əksinə, hakimiyyət uğrunda və hakimiyyətdə konkret yer uğrunda mübarizə xəstəliyinə mübtəladır”. O, həmçinin qeyd etmişdir ki, “Azərbaycanda gənc islahatçıların getdikcə güclənən komandası var və respublikanın Prezidenti son tədbirləri nəticəsində bu komandanı sıx birləşdirmişdir”.
Federasiya Şurasının üzvü, Azərbaycanda seçkilərdə müşahidə komissiyasının nümayəndəsi Gennadi Burbulis isə demişdir ki, “Prezident İlham Əliyev parlament seçkilərinə çox ciddi yanaşır və seçkilərin maksimum şəffaf keçməsi üçün hər şeyi edir”. Burbulisin fikrincə, indən belə Azərbaycan Prezidentini nəinki öz atasının oğlu kimi, həm də öz strategiyasına malik olan daha ciddi siyasətçi kimi qəbul edəcəklər.
Bütün Rusiya ekspertləri belə yekdil fikirdədirlər ki, İlham Əliyevin son həftələrdəki tədbirləri strateji cəhətdən yoxlanılmış və vaxtında görülmüş tədbirlərdir.