İQTİSADİYYAT
RUSİYA HÖKUMƏTİ AZƏRBAYCAN GƏMİLƏRİNİN CARİ NAVİQASİYA İLİNDƏ AZOV DƏNİZİNDƏN XƏZƏR DƏNİZİNƏ KEÇMƏSİNƏ İCAZƏ VERMİŞDİR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərdə deyilir ki, Rusiya hökuməti Azərbaycanın dövlət bayrağı altında üzən nəqliyyat yük gəmilərinin 2004-cü ilin naviqasiya dövründə Rusiyanın daxili su yolları ilə Azov dənizindən Xəzər dənizinə keçməsinə və əks istiqamətdə hərəkət etməsinə icazə vermişdir. Rusiyanın Baş naziri Mixail Fradkov müvafiq sərəncam imzalamışdır. Bunu jurnalistlərə Hökumət İnformasiyası Departamentində bildirmişlər.
Sərəncamda göstərilir ki, gəmilərin hərəkəti hər bir konkret halda RF Nəqliyyat və Rabitə Nazirliyinin verdiyi icazə əsasında həyata keçiriləcək və bu barədə RF Müdafiə Nazirliyi xəbərdar ediləcəkdir. Bu zaman sərhəd, gömrük, sanitariya-karantin, baytarlıq, fito-sanitariya və digər növ nəzarət əməliyyatları aparılacaqdır.
RF-in Nəqliyyat və Rabitə Nazirliyinə tapşırılmışdır ki, həmin gəmilərin Rusiyanın daxili su yollarından keçməsi qaydasını müəyyənləşdirsin.