SİYASƏT
RUSİYA SEÇKİLƏRƏ HAZIRDIR
Seçkilərdə 109 milyondan çox seçici, o cümlədən xaricdə yaşayan 1 milyondan artıq rusiyalı iştirak edəcəkdir. Həmin gün ölkə ərazisində 94 min, onun hüdudlarından kənarda isə 399 seçici məntəqəsi açılacaqdır.
Xatırladaq ki, birmandatlı dairələr üzrə 2000 nəfərin namizədliyi irəli sürülmüş, partiya siyahıları üzrə isə 23 partiya və blok mübarizə aparacaqdır. Dumaya cəmi 450 deputat seçiləcəkdir.
MSK-nın başçısı Aleksandr Veşnyakovun verdiyi son məlumata görə, 48 ölkənin və beynəlxalq təşkilatın 1200 nümayəndəsi seçkiləri müşahidə edəcəkdir. Bundan əlavə, təxminən 800 min nəfər yerli müşahidəçi də seçkilərə ictimai nəzarəti həyata keçirəcəkdir.
Səsvermənin nəticələri modernləşdirilmiş “Seçkilər” dövlət avtomatlaşdırılmış sistemi ilə hesablanacaqdır. İlkin nəticələr dekabrın 8-də, qəti rəsmi nəticələri isə dekabrın 19-da açıqlanacaqdır.