İQTİSADİYYAT
RUSİYA ŞİRKƏTLƏRİ İRAN BAZARINDA FƏALLAŞIRLAR
İran özünün neft və qaz layihələrinin iştirakçıları kimi Rusiyanın neft-qaz şirkətlərinin perspektivlərini müsbət qiymətləndirir. Məsələn, “Qazprom” Açıq Səhmdar Cəmiyyəti beynəlxalq konsorsium çərçivəsində “Cənubi Fars” qaz yatağının ikinci və üçüncü növbələrinin işə salınması layihəsi üzrə işləri başa çatdırmışdır. Bu yatağın istismara verildiyi vaxtdan bəri burada 50 milyard kubmetrdən artıq qaz hasil olunmuşdur. İranın neft-qaz layihələrində Rusiyanın digər şirkətləri də iştirak edirlər.
Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov bildirmişdir ki, hər iki ölkə birgə sərmayə layihələrinin həyata keçirilməsində maraqlıdır. O, metallurgiya müəssisələrinin modernləşdirilməsini, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, habelə avadanlıq göndərilməsini və yerin təkinin kəşfiyyatını Rusiya şirkətlərinin İran iqtisadiyyatının dirçəldilməsində iştirakı üçün ən perspektivli sahələr adlandırmışdır.