İQTİSADİYYAT
“Rabitəbank” Ramazan bayramında aztəminatlı tənha yaşayan ahılları sevindirib
Bakı, 24 may, AZƏRTAC
Müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində “Rabitəbank” yardım aksiyası həyata keçirib.
Bu barədə AZƏRTAC-a bankdan məlumat verilib.
Ölkənin aparıcı banklarından biri olan “Rabitəbank” mütəmadi olaraq sosial layihələrin keçirilməsini təməl prinsiplərindən birinə çevirib. Ramazan bayramı ilə əlaqədar sosial durumu həssas olan insanlar üçün dəstək xarakterli yardım aksiyası da bunlardan biridir. Belə ki, bank tərəfindən aztəminatlı və tənha yaşayan yaşlı insanlara bayram günü gündəlik qida məhsullarından ibarət Ramazan sovqatı paylanılıb.
Bankın əməkdaşları paytaxtın Xətai, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında məskunlaşan 120-dən çox tənha yaşayan yaşlıları ziyarət ediblər. Görüş zamanı bank nümayəndələri vətəndaşların müqəddəs Ramazan bayramını təbrik edərək yardım qutularını təhvil veriblər. Yardım aksiyasında iştirak edən təşkilatçılar mövcud vəziyyətlə bağlı sosial izolyasiya qaydalarına riayət ediblər.
Bankın adı çəkilən rayon üzrə filial rəhbərlərinin sözlərinə görə keçirilən belə sosial aksiyalarda məqsəd ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin gücləndirilməsinə bir qatqı və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ahılların sosial rifahını yaxşılaşdırmaq istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə dəstək verməkdir.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.