CƏMİYYƏT
Rafiq Əziz: Ulu Öndərimiz əsl Vətən sevgisinin, xalqa verilən qiymətin ən böyük nümunəsidir
İstanbul, 10 may, AZƏRTAC
Heydər Əliyev kimi dahi şəxsiyyətin dövründə yaşadığım, onunla qarşılaşdığım və görüşdüyüm üçün özümü çox xoşbəxt hesab edirəm. Düşünürəm ki, ümummilli lider Heydər Əliyevin dahiliyi, dövlət rəhbəri kimi böyüklüyü, həyat təcrübəsi, hafizəsi, nitqi Allah tərəfindən ona bəxş edilmiş bir vergi idi. O, qeyri-adi bir insan idi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz deyib.
Ulu Öndərimizlə bağlı xatirələrini bölüşən rəssam deyib: “Xocalı soyqırımından sonra, 1992-ci ildə 31 nəfərdən ibarət bir qrup Birinci Qarabağ müharibəsi şəhidlərinin uşaqlarını düşdükləri psixoloji təsirdən çıxartmaq və onlara tibbi yardım göstərmək məqsədilə Azərbaycan Rəssamlar İttifaqının vasitəsilə İstanbula gətirdik. Bu uşaqları İstanbulda o zaman Türkiyənin dövlət xadimi Süleyman Dəmirəl şəxsən özü qarşıladı və müxtəlif yerlərdə qonaq etdi. Həmin vaxtı Türkiyənin bütün televiziya və mətbuat orqanları bu hadisəni yaxından izlədi və geniş işıqlandırdı. Sonra İstanbulun ən böyük təhsil qurumlarından olan İstək Vəqfinin qurucusu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Bədrəddin Dalan mənimlə görüşərək Azərbaycanda baş verən hadisələrdən çox sarsıldığını və Qarabağ müharibəsi zamanı valideynlərini itirən on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istədiyini bildirdi. Lakin, əvvəlcə biz gətirdiyimiz uşaqları geri qaytarmalı idik. O vaxt vəziyyət çox ağır idi və biz avtobusla İğdırdan Naxçıvana keçmək üçün sərhəddə çətinliklə qarşılaşdıq. Sədərək gömrük-keçid məntəqəsinin müdirinin otağında vəziyyəti ona izah etməyə çalışırdım. Həmin vaxtı ona bir telefon zəngi gəldi. Oturaraq danışan müdir, telefondakı səsi eşidən kimi dərhal ayağa qalxdı və ancaq “bəli”, “baş üstə” deyərək dəstəyi asdı. O dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və zəng edən də şəxsən özü idi. Ulu Öndərin tapşırığı ilə şəhid uşaqlarını aparan avtobus polis müşayiəti ilə Naxçıvana gətirildi, oradan da uşaqlar təyyarə ilə Bakıya yola salındılar. Sonra on nəfər şəhid uşağını İstanbula gətirdik və onlar İstək Vəqfinin dəstəyi ilə təhsil almağa başladılar. 1994-cü ildə İstanbula səfər edən Ümummilli Lider bu uşaqlarla görüşdü. Sanki Naxçıvana keçdiyimiz o gecənin davamı kimi, Ulu Öndər hər şeydən xəbərdar idi. O uşaqlarla tək-tək görüşərək təhsilləri ilə bağlı məlumat aldı. Sonra bizimlə xatirə şəkli də çəkdirdi. Bu hadisə Ümummilli Liderimizin xalqımıza böyük diqqətinin ən gözəl nümunələrindəndir”.
Hələ tələbəlik illərindən ümummilli lider Heydər Əliyevin müdrik fikirlərinə, şəxsiyyətinə heyranlığını dilə gətirən rəssam deyib: “Mövzudan asılı olmayaraq hər bir nitqi, Ana dilimizdə qurduğu mükəmməl cümlələr hər kəs kimi məni də ovsunlayırdı. Ondan çox şey öyrəndik. Ulu Öndərimiz əsl Vətən sevgisinin, insana, xalqa verilən qiymətin ən böyük nümunəsidir. Belə insanlar dünyaya çox nadir hallarda gəlir. İllər keçsə də ona qarşı olan sevgi ürəklərimizdə daha da böyüyür. Ümummilli Liderimiz haqqında yüzlərlə kitab yazsaq da bu, onu anlatmağa yetməz.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul