CƏMİYYƏT
“Rahat Telecom”da montajçı işləyən şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Müseyib Cəfərovun metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüksək gərginlikli elektrik naqilinə toxunduğu və elektrik cərəyanı vurması nəticəsində hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.