REGİONLAR
Ramilə Seyidova: Xoşbəxt insanlarıq ki, Azərbaycan tarixinin ən şanlı dövründə yaşayırıq
Siyəzən, 11 noyabr, Elxan Yusifli, AZƏRTAC
“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.” Ali Baş Komandan İlham Əliyevin dilindən bu sözləri eşidəndə kövrəlməmək mümkün deyildi. Bu, son 30 ildə eşitdiyimiz ən xoş sözlər idi. Ardınca daha bir şad xəbər gəldi. Vətən müharibəsində qalib gəlmişik. Çox xoşbəxt insanlarıq ki, Azərbaycan tarixinin ən şanlı dövründə yaşayırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatı Qadınlar Şurasının sədri Ramilə Seyidova söyləyib.
R.Seyidova bildirib ki, qazanılan qələbə ordumuzun gücünü, xalqımızın birliyini göstərdi. Hərbiçilərimiz ön cəbhədə bir-birinin ardınca yaşayış məntəqələrimizi işğaldan azad etdikcə, xalqımız arxa cəbhədə yumruq kimi birləşib dəstəyini göstərdi. İndi bizim Qarabağa qayıtmaq zamanımızdır. Düşmən işğalından azad olunan Şuşamız, Laçınımız, Ağdamımız və başqa yaşayış məntəqələrimiz doğma sakinlərinin yolunu gözləyir. Biz doğma Qarabağımıza qovuşduq. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi altında işğalçını yurdumuzdan qovan hərbiçilərimizə minnətdarıq” - deyə, R.Seyidova söyləyib.