İDMAN
Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də AFFA-nın Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçkilər keçirilib. Seçkidə yeganə namizəd olan PFL-in hazırkı prezidenti Ramin Musayev yenidən bu vəzifəyə seçilib.
AZƏRTAC xəbər verir ki, bu, 2008-ci ildə yaranan qurumda üçüncü belə seçkidir. PFL yarandığı vaxtdan ona rəhbərlik edən R.Musayev qarşıdakı 4 ildə quruma rəhbərlik edəcək.
Səsvermə prosesinə AFFA prezidenti Rövnəq Abdullayev ilə yanaşı, Premyer Liqada çıxış edən klubların nümayəndələri də qatıliblar.
Seçkilərdən sonra R.Abdullayev və R.Musayev jurnalistlərin suallarını cavablandırıblar.
Peşəkar Futbol Liqasının çempionatı yüksək səviyyədə təşkil etdiyini bildirən AFFA prezidenti qurumun işini qənaətbəxş sayıb: “Çətin də olsa, PFL ilə birlikdə çempionatı yüksək səviyyədə təşkil etmişik. Ən əsası, ədalətli təşkilatçılıq, eyni zamanda, ədalətli hakimliyimiz olub. Mən PFL-ə tövsiyələrimi verdim. Gələn ilin mayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik ki, 2017-2018-ci illər mövsümündə azı 10 komandanın iştirak edəcəyi çempionat təşkil edək”.
R.Musayev göstərilən etimada görə təşəkkürünü bildırərək görülən işlərdən, gələcək planlardan söz açıb: “Bu gün bizim çempionat UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü pillədədir. PFL yarandığı il çempionatımız 44-cü yerdə qərarlaşmışdı. Səkkiz il ərzində 20 pillə irəliləməyə nail olmuşuq. Son səkkiz ildə 54 ölkə çempionatı arasında ən sürətli sıçrayış Azərbaycan Premyer Liqasına məxsusdur. Dünyada isə PFL yaranana qədər 110-cu yerdə olsaq da, bu gün 38-ciyik. Düzdü, bununla əlimizi yanımıza salmırıq. Qarşıdakı illərdə daha da irəliləməyə çalışacağıq”.
PFL prezidenti qurumun Azərbaycan futbolunda vahid sistem formalaşdırdığını vurğulayaraq deyib: “Biz çempionatda vahid top tətbiq etdik, oyunlara çəkiliş qrupları göndəririk. Səkkiz il ərzində keçirilən oyunların hamısının videoyazıları var. Fəaliyyətimiz ərzində klublarla birgə çalışmışıq. Bunu seçki zamanı klub nümayəndələri də bildirdilər”.
Qeyd edək ki, 53 yaşlı R. Musayev PFL prezidenti seçilməzdən əvvəl “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışıb.