CƏMİYYƏT
Ramiz Rzayev: Problemli kreditlərlə bağlı məhkəmələrdə baxılan işlərin icraatı təxirə salınıb
Bakı, 17 aprel, AZƏRTAC
Problemli kreditlərlə bağlı məhkəmələrdə baxılan işlərin icraatı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı imzaladığı gündən təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında deyib.
R.Rzayev bildirib: “Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman əhalinin sosial-iqtisadi durumunu yaxşılaşdıran mühüm qərardır. Fərman imzalanandan sonra bununla bağlı Ali Məhkəmədə müşavirə keçirmişik, bu sənədin icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb. Fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.