MƏDƏNİYYƏT
Rasim Balayev: Ağac əkmək torpağa zinət bəxş etmək deməkdir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü hər yerdə alqışlanır. Yaşıllıq həyatın yaraşığı, təmiz hava deməkdir. Ta qədimdən insanlar yaşıllığın qayğısına qalmış və bunun əvəzində təbiətdən bol-bol bəxşişlər almışlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.
“Bu il ölkə başçısı tərəfindən elan olunmuş “Nəsimi ili” rəngarəng tədbirlərlə, layihələrlə yadda qaldı. İlin yekunlaşmasına bir-neçə ay qalmış biz daha bir gözəl təşəbbüsə şahidlik edirik. Heydər Əliyev Fondunun Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü məni çox sevindirdi. Bu vətənimizin, ölkəmizin gözəlləşdirilməsi, yaşıllaşdırılması, ekologiyamızın təmizlənməsi üçün çox böyük addımdır. İndi payız fəslinin son aylarıdır və ağac əkməyin gözəl məqamıdır. Düşünürsən ki, bu təşəbbüs reallaşdırıldıqdan sonra diyarımız daha da gözəlləşəcək. Bağlar, xiyabanlar laləzara çevriləcək, əsl istirahət guşəsi olacaq, küçələr, yollar abadlaşacaq. Ağac əkmək xeyirxahlıqdır. Bu elə bir hissdir ki, hamımızda var. Ağac əkmək torpağa zinət bəxş etmək deməkdir. İmadəddin Nəsiminin adı ilə bağlı olan bu böyük və gözəl təşəbbüsü alqışlayıram", deyə kinomuzun Nəsimisi bildirib.