SİYASƏT
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycanın dünyada multikulturalizm, tolerantlıq və dinlərarası əməkdaşlıq diyarı olduğunu nəzərə alsaq, burada Dünya dini liderlərinin II Sammitinin keçirilməsi heç də təsadüfi deyil. Müxtəlif ölkələrin din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin bir araya gələrək sülh, qardaşlıq və insanlıq naminə birgə səylər göstərməsi sevindirici haldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin iştirakçısı, amerikalı Ravvin Eli Abadi jurnalistlərə müsahibəsində deyib.
O, qeyd edib ki, dini radikalizm, fanatizm və ekstremizm kimi ideyaların geniş yayıldığı bir dövrdə belə sammitlər dinlər, xalqlar və ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə töhfə verəcək. Bu da öz növbəsində dünyada sülhün, əmin-amanlığın və sabitliyin təmin olunduğu bir gələcəyə aparan yoldur. Mən dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə töhfə vermək məqsədi daşıyan bu tədbirin iştirakçısı olmaqdan çox məmnunam.
“Multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti olduğu Azərbaycanın belə bir tədbirə ev sahibliyi etdiyinə, həmçinin müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması, dini tolerantlıq və dinlərarası əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, - deyə Eli Abadi diqqətə çatdırıb.