CƏMİYYƏT
Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi təşkil edilib
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, uşaqların valideynlərinin də iştirak etdiyi tədbirdə Novruz bayramının xalqımızın mənəvi zənginliyini, təbiətə bağlılığını özündə əks etdirən bir bayram olduğu qeyd edilib. Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin qorunması və inkişafı sahəsində aparılan fəal dövlət siyasətinin bir təzahürü kimi Novruz bayramının hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb.
Bayram tədbiri burada tibbi-sosial reabilitasiya kursu keçən uşaqların şeir, mahnı və rəqsləri, o cümlədən Novruz personajlarının yumoristik səhnəcikləri ilə davam edib.
Müasir tələblər səviyyəsində reabilitasiya şəraitinin yaradıldığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşəyönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər.