İDMAN
“Real Madrid” İspaniya La Liqasında ardıcıl ikinci dəfə məğlub olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də İspaniya La Liqasının 9-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Real Madrid” klubu “Santiaqo Bernabeo” stadionunda “Levante” komandasını qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, hesabı “Levante” açıb. Qonaqların müdafiəçisi Serxio Postiqo diaqonal ötürmə ilə Xose Luis Moralesi qapıçı ilə təkbətək çıxarıb. Sonuncu fürsəti əldən verməyib – 0:1.
Vurulan qoldan altı dəqiqə sonra “Levante” klubunun əks-hücumunun qarşısını almaq üçün səy göstərən Rafael Varan cərimə meydançası daxilində topa əllə müdaxilə edib. Oyunun baş hakimi Kuadra Fernandez “kral klubu”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Rojer Marti dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində hücuma atılan Madrid təmsilçisi matçın 72-ci dəqiqəsində hesab arasındakı fərqi minimuma endirib. Kərim Benzemanın ötürməsini hücuma qoşulan müdafiəçi Marselo dəqiq zərbə ilə tamamlayıb – 1:2. Qalan dəqiqələrdə ciddi müdafiə olunan “Levante” madridlilərin bir daha fərqlənməsinə imkan verməyib.
Beləliklə, “Real Madrid” İspaniya La Liqasında ardıcıl ikinci dəfə meydanı məğlubiyyətlə tərk edib. Çempionatda son dörd oyunda qələbə qazana bilməyən “kral klubu” üç görüşdə məğlub olub, birində isə heç-heçə edib.