İQTİSADİYYAT
Regional Rabitə Birliyi Regional Tədris Mərkəzi açmaq istəyir
Bakı, 12 mart, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkek şəhərində martın 31-dən aprelin 1-dək “Avropa və MDB ölkələri üçün xidmət keyfiyyəti və loqistika şəbəkəsinin inkişafı” mövzusunda mütəxəssislər üçün seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin də qatılacağı tədbirdə ölkəmizdə poçt sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış ediləcək.
Tədbirdə beynəlxalq poçt göndərişlərinin keyfiyyətinin artırılması üzrə bundan əvvəl verilmiş direktiv tapşırıqlar və onların yerinə yetirilməsi məqsədi ilə hər bir təyin olunan operator tərəfindən görülən işlərin müzakirəsi, həmçinin bu istiqamətdə növbəti atılacaq addımlar barəsində Dünya Poçt İttifaqının (DPİ) ekspertləri tərəfindən zəruri tövsiyələrin verilməsi nəzərdə tutulub.
Aprelin 2-də isə Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının və Poçt Rabitəsi Operatorlar Şurasının növbəti iclası olacaq.
N.Məmmədovun həmsədri olduğu RRB-nin Poçt Komissiyası və Poçt Operatorları Şurasının birgə iclasında gündəlikdə duran əsas məsələlər sırasında DPİ-nin Strateji Cenevrə konfransına hazırlıq, II Dünya müharibəsində qələbənin 70-ci ildönümünün qeyd edilməsi, RRB-nin poçt rabitəsi mütəxəssisləri üçün Regional Tədris Mərkəzinin açılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.