ELM VƏ TƏHSİL
Rektor İlham Mədətov: “Azərbaycanda rektorlar konfransı” layihəsi universitetlərarası əməkdaşlığa müsbət zəmin yaradacaq
Bakı, 7 may, AZƏRTAC
Ali məktəb rektorlarını bir araya gətirən və təhsildə potensialın gücləndirilməsini, o cümlədən inkişafı hədəfləyən “Azərbaycanda rektorlar konfransı” layihəsi yenilik kimi dəyərləndirilməlidir. Həyata keçirilən layihələr universitetlərarası əməkdaşlığa və təhsilin keyfiyyət amilinə müsbət zəmin yaradacaq.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, bunu ATMU-nun rektoru İlham Mədətov Bakı Biznes Universitetində “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimində çıxışı zamanı söyləyib. Bakı Biznes Universitetinin koordinatoru olduğu bu layihə Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibidir.
İlham Mədətov beynəlxalq layihələrdə iştirakın universitetlərə yaratdığı imkanlardan söz açıb və bu cür layihələrin davamlı olmasını arzu edib. Rektor layihələrin hazırlanması və icrası, qarşıya çıxan problemlərin daha tez həlli ilə bağlı tövsiyələrin və təcrübənin paylaşılması baxımından tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.
Təqdimat mərasimində layihənin koordinatoru Gülşən Bayramova “Azərbaycanda rektorlar konfransı” layihəsinin hazırlanması prosesi və görüləcək işlər barədə ətraflı məlumat verib.
Xatırladaq ki, tədbirdə Azərbaycanın 15 universitetinin rektorları və müvafiq struktur rəhbərləri, eyni zamanda, ATMU-nun Beynəlxalq əlaqələr, Keyfiyyətin təminatı və akkreditasiya, Elm və innovasiya şöbələrinin rəhbər şəxsləri və mütəxəssisləri iştirak ediblər.