CƏMİYYƏT
Rəqəmsal kommunikasiya strategiyasına dair üçgünlük təlim təşkil olunub
Bakı, 17 aprel, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ilə birgə “Rəqəmsal kommunikasiya strategiyası” mövzusunda üçgünlük təlim təşkil olunub.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, təlim gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasında İKT sahəsində təşəbbüskarlığını gücləndirərək, onların vətəndaş cəmiyyəti quruculuğunda iştirakını təşviq etmək, gənclər təşkilatlarının strateji inkişafı və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılması məqsədilə təşkil olunub.
Təlimin açılışında çıxış edən layihə rəhbəri Gülşən Rzayeva bildirib ki, BMT İnkişaf Proqramı uzun illərdir Azərbaycan Hökuməti ilə birlikdə ölkədə sosial-iqtisadi inkişafa dəstək verir. Vətəndaş cəmiyyətinin inkişafı üçün BMT-nin İnkişaf Proqramı Azərbaycanda 12 təşkilatla əməkdaşlıq edir. Vətəndaş cəmiyyətinin daha təkmil kommunikasiya strategiyası ilə fəaliyyətə təşviq etməkdə məqsəd dövlət-QHT-media arasında əlaqələndirməni və şəbəkələşməni genişləndirmək, maraqlı tərəflərin əməkdaşlığına yardım etməkdir.
Avropa İttifaqının Bakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu layihəyə dəstəyə görə təşkilatçılara təşəkkür edib. O, bu layihənin vətəndaş cəmiyyətinin inkişafı fonunda dövlət-QHT-media əlaqələrinin inkişafına yardım məqsədi daşıdığını vurğulayıb.
ARGTMŞ-nin baş katibi Məryəm Məcidova qeyd edib ki, bu təlimin həssas qruplar üçün təşkili təqdirəlayiqdir. O, belə təlimlərin gender bərabərliyinin təbliğində mühüm rol oynadığını bildirib.
Yalnız xanımlar üçün təşkil olunan üçgünlük təlimdə kommunikasiyanın əsas mesajları, hədəf qrupları və onlarla əlaqə qurmaq üçün kommunikasiya kanalları, alətləri, PR və böhran strategiyası, yeni media vasitələrinin kommunikasiya mühitində səmərəli tətbiqi məsələləri müzakirə edilib.
Sonra mövzu üzrə qrup işləri və təqdimatlar təşkil olunub.
Təlimin sonuncu günündə iştirakçılara şəhadətnamələr verilib.