İQTİSADİYYAT
Rəqəmsal transformasiyanın şirkətlərin inkişafında əhəmiyyəti müzakirə olunacaq
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) İKT işçi qrupunun növbəti onlayn görüşü keçiriləcək.
“AHK Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal transformasiyanın Azərbaycanda şirkətlərin inkişafında əhəmiyyəti istiqamətində müzakirələr aparılacaq. “Caspian Innovation Center” MMC-nin əməliyyatlar üzrə rəhbəri Orxan Quliyev və Şəbəkə Xidmətləri və İnformasiya Təhlükəsizliyi üzrə rəhbər Rauf Mahmudlu bu sahədə təcrübələrini bölüşəcəklər.
Görüş çərçivəsində dövrümüzün yeni çağırışları fonunda şirkətlərdə texnoloji dəyişikliyin vacibliyi, rəqəmsal transformasiyanın şirkətlər üçün üstünlükləri, yarana biləcək təhlükələr və dünyada mövcud trendlər, SOCAR və digər şirkətlərdə aparılan rəqəmsallaşmaya dair layihələr, əldə olunan nəticələrin təhlili və yerli şirkətlərdə istifadə imkanları, rəqəmsallaşmanın gələcək inkişaf yolunda kiçik və orta bizneslərə yardım edə biləcək həll yolları müzakirə olunacaq.