CƏMİYYƏT
Rəşad Mahmudov: Kardiologiyanı Azərbaycan tibbinin ən inkişaf etmiş sahəsi adlandırmaq olar
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanda invaziv kardioloqların üçüncü konfransının keçirilməsi ölkəmizdə kardiologiyanın inkişafı və ürək xəstəlikləri ilə mübarizənin səviyyəsini sübut edir. Yeni növ koronavirus (COVID-19) pandemiyası olmasına baxmayaraq, dünyanın bir sıra elm xadimlərinin ölkəmizə gəlməsi təqdirəlayiqdir. Konfransda innovativ yeniliklər barədə müzakirələr aparılır. Həmin müzakirələrdə əsas söz sahibinin azərbaycanlı mütəxəssislər olması hamımızı sevindirir. Azərbaycanda kardiologiya sahəsi son 15 il ərzində ciddi inkişaf yolu keçib. Həmçinin kardiologiyanı Azərbaycan tibbinin ən inkişaf etmiş sahəsi adlandırmaq olar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov deyib.
Parlament üzvü bildirib ki, ölümə və əlilliyə ən çox səbəb olan xəstəliklərdən biri kimi ürəyin işemik xəstəliyindən əziyyət çəkən vətəndaşlarımızı son 15 il ərzində müalicə almaq üçün xaricə üz tutmaları halları olduqca azalıb: "Bu istiqamətdə Azərbaycanın lehinə müsbət dəyişiklik hiss olunur və dəyişim olduqca kəskindir. Bu real vəziyyət olduqca sevindiricidir. Bugünkü tədbir ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi ilə yanaşı, səhiyyə reformaları içərisində kardioloji xəstəliklərlə mübarizədə ölkə səhiyyə işçisinin ortaya qoya biləcəyi real işlərə zəmin yaradır. Ümid edirəm ki, uğurlu inkişaf nəticəsində vətəndaşlarımız gələcək illərdə öz canını və ailəsinin sağlamlığını Azərbaycan həkiminə tam əminliklə etibar edə biləcək. Təbii ki, bütün bunlar təkcə tibb sahəsinin deyil, Azərbaycanda bütün digər sahələrin də inkişafı ilə bağlıdır. Bu gün ölkəmizdə Qarabağla bağlı görülən işlər, uğurlu nəticələr, eləcə də tibb sahəsinin inkişafı Azərbaycan xalqını sevindirir".